Aksiz dərəcələri niyə artırılır və əslində necə olmalıdır? | TƏHLİL

   Aksiz dərəcələri    niyə artırılır    və əslində necə olmalıdır?    | TƏHLİL
  26 Yanvar 2024    Oxunub:1732
2024-cü ilin yanvarın 1-dən ölkədə siqaret və alkoqollu içkilər üzrə yeni aksiz dərəcələri qüvvəyə minib. Yəni tariflər artırılıb. Aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 manatdan 45,5 manata yüksəldilib. Alışdırılmadan nəfəsə çəkmək üçün nəzərdə tutulmuş tütün məhsullarının hər 1 000 ədədi üçünsə 16 manat olub.

İndiyədək aksiz dərəcəsi qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının hər 1 000 ədədi üçün 14 manat təşkil edirdi. Birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədi üçün aksiz dərəcəsi 0,25 manatdan 2 manata yüksəldilib.

Alkaqollu içkilər üçün aksiz dərəcələri 80 qəpik qaldırılıb. İçməli spirt, araq, tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litri üçün sözügedən dərəcə 4 manatdan 4,8 manatadək yüksəldilib.

Bütün bunlar sözügedən məhsullar üzrə qiymətlərin artmasına səbəb olub. Odur ki, bəzilərində sual yaranır ki bu, əhalinin sosial durum baxımından həssas təbəqəsinə təsir göstərəcəkmi?
Ümumiyyətlə, satış həcmi və alqı-satqı dövriyyəsi yüksək xarakter daşıyan məhsullar üzrə aksiz vergisi dərəcələrinin yüksəldilməsi effektli sayılırmı?

Aksiz - qanunvericilikdə müəyyən edilən aksizli malların satış qiymətinə daxil edilən dolayı (istehlak) vergi növüdür. Ölkədə istehsal edilən, yaxud ölkəyə idxal olunan aksizli mallardan, vergidən azad edilən mallar istisna olunmaqla, aksiz tutulur.

Aksizli mallara içməli spirt, pivə və spirtli içkilərin bütün növləri, tütün məmulatları, neft məhsulları, minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və digər üzən vasitələr, platin, qızıl, onlardan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz, idxal olunan xəz-dəri məmulatları və sair daxildir.

Aksiz dərəcələrinin artırılması ən çox istehlak olunan, alqı-satqısı çox olan məhsullar üzrə həyata keçirildiyindən büdcə gəlirlərini artırmaq məqsədi daşıyır. İldən-ilə bir sıra vergi və rüsum güzəştləri tədbiq olunur ki, bu da büdcənin müəyyən istiqamətlər üzrə gəlirlərini azaldır. Bunun da yerini doldurmaq üçün aksiz vergisi üzrə dərəclərinin artırılması ən effektiv addımlardan biri hesab olunur.

Builki artımlarda da məqsəd dövlət büdcəsi gəlirlərinin artmasına nail olmaqdır. Bu il də bir sıra vergi güzəştləri mövcud olduğundan, gəlirlər azalacaq. Odur ki, bunu kompensasiya etmək üçün aksiz dərəcələrini yüksəltmək zəruri sayılırdı.

Sözügedən addım ilk dəfə deyil atılır. Son illərdə tütün məmulatları və alkoqollu içkilər üzrə aksiz dərəcələri bir neçə dəfə artırılıb. Və bu heç bir mənfi tendensiya doğurmayıb. Çünki aksiz dərəcələri artırılan məhsullar əhalinin ən çox tələbat duyduğu zəruri istehlak malları sırasına daxil deyil. Odur ki, ölkədəki sosial duruma təsiri olmur. Müəyyən zaman fasilələri ilə bu cür addımlar atılıb və atılacaq. Dünya Səhiyyə Təşkilatı da sözügedən məhsullar üzrə aksiz dərəcələrinin 60-65%-ə çatdırılmasını tövsiyə edir.

Lakin bu siyasəti davamlı həyata keçirilmək məqsədəuyğun deyil, ola da bilməz. Xüsusən də alqı-satqısı geniş xarakter daşıyan məhsullar üzrə. Büdcə gəlirlərinin artırılması üçün həyata keçirilən bu siyasətin bəlli bir həddi var ki, bunu nəzərə almaq vacib sayılır.

Belə ki, davamlı və əsassız artım əks effekt yarada, gəlirlərin azalması, bazarda qanunsuz və qeyri-normal rəqabət ortaya çıxa bilər. Nəticədə istənilən səmərə əldə olunmaz. Odur ki, dövriyyəsi yüksək xarakter daşıyan məhsullar üzrə aksiz və vergi dərəcələrinin artırılması ümumi tənzimləyici iqtisadi siyasət kontekstindən kənara çıxmamalıdır.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Vergi   Aksiz  





Xəbər lenti